az ru Zəng mərkəzi
*3131

Cəlilabadda toxum sərgi-satış yarmarkası

03/09/2022

Azərbaycanın bölgələrində toxum sərgi-satış yarmarkaları davam edir. Növbəti yarmarka Cəlilabad rayonunda təşkil olunub. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Dövlət Toxum Fondu, Aqrar Sığorta Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

 

Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini Nazim  Şükürov bildirib ki, ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir: “Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Bu gün Cəlilabad rayonunda keçirilən toxum sərgi yarmarkasında fermerlərə müxtəlif toxum sortları təqdim edilir. Düşünürəm ki, bu kimi yarmarkaların müxtəlif bölgələrdə keçirilməsi toxum bazarının daha da inkişafına etməsinə gətirib çıxaracaq”.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev yarmarkanın əhəmiyyətinə toxunaraq bildirib ki, bu gün Cəlilabadda keçirilən yarmarkada yerli arpa, buğda və tərəvəz toxumları nümayiş etdirilir. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumatlar verilir. Fermer və torpaq mülkiyyətçilərinin sertifikatlı toxuma əlçatanlığı təmin olunur. Payızlıq buğda və arpa səpinini optimal müddətdə başa çatdırmaq üçün fermerlərin vaxtında sertifikatlı toxumla təmin olunması vacib sayılır.

 

Tədbir iştirakçıları daha sonra yarmarkanın fəaliyyəti ilə tanış olub, fermerlərlə görüşüb, stendlərə baxış keçiriblər.

 

Qeyd edək ki, növbəti toxum sərgi-satış yarmarkası sentyabrın 8-də Hacıqabul rayonunda təşkil olunacaq.

Sorğunuzu emal edərkən xəta baş verdi

Zəhmət olmasa, sorğunuzu bir müddət sonra yenidən təkrarlayın. Narahatlığa görə üzr istəyirik.

Sorğunuz göndərildi.